Haqqımızda

"ARB 24" Televiziya Şirkəti 01 iyun 2010-ci il tarixindən "Türkel" adı ilə fəaliyyətə başlayıb. Telekanal 2013-cü ilin noyabrından etibarən TTV brendi ilə 24 saat ərzində xəbər buraxılışları yayımlamaqla Azərbaycan Respublikasının ilk xəbər kanalı olaraq fəaliyyət göstərib. Həmin vaxt hər saatın tamamında xəbər buraxılışı ilə efirə çıxan televiziya 2014-ci il aprelin 1-dən etibarən hər yarım saatdan bir xəbər buraxılışları təqdim edib.

"ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixindən etibarən öz brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB 24" olaraq fəaliyyətini davam etdirir.

Kollektiv bu sahədə öz sözünü demiş təcrübəli və peşəkar kadrlarla yanaşı, istedadlı gənclərdən təşkil edilib. "ARB 24"də tanınmış aparıcılarla, həmçinin xəbər sahəsində öz dəsti-xətti və baçarığı ilə seçilən mütəxəssislər çalışır.

2017-ci il dekabrın 28-də "ARB 24" Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqədə qalib gəlib. Digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Türkel TV" MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında) 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

"ARB 24" telekanalı 27 noyabrdan etibarən Azərbaycanın ilk biznes-xəbər kanalı kimi ümumrespublika yayımına başlayıb. "ARB 24" telekanalı 24 saat ölkə və dünyanın xəbər mühiti, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edir. Günün iqtisadi gündəmi müxtəlif canlı verilişlərdə müzakirə edilməklə yanaşı, ölkə və dünya birjalarında baş verən proseslər, hadisələrin valyuta bazarına təsirləri barədə yerli və xarici mütəxəssislərlə təhlillər aparılır.

Qeyd edək ki, "ARB 24
" TV proqramını qəbul edə bilmək üçün rəqəmli TV qəbuledicilər 31-ci TV kanala (və ya 554 MHs tezliyə) yenidən köklənməlidir.

Bunun üçün qəbuledicilərdə avto axtarış vermək və ya əl rejimində 31-ci TV kanalı (və ya 554 MHs tezliyi) seçib axtarış vermək lazımdır.