Turistlərin təhlükəsizliyi necə qorunur?

11 Sentyabr 2017 10:49

Son dövrlər səyahətə üz tutan Azərbaycan vətəndaşlarının sayı artıb. İnsanların istirahətə marağı artdıqca, turizm şirkətləri də çoxalmağa başlayıb. Onlar müştərilərə rahat, eyni zamanda ucuz qiymətə turlar təklif edirlər. Amma xidmətlərdən asılı olaraq qiymətlər də dəyişir. Turistlər üçün qidalanma, yerləşdikləri məkanın maraqlı olması nə qədər önəmlidirsə, təhlükəsizlikləri də bir o qədər vacibdir. Əgər turist təhlükəsizliyini də hərtərəfli düşünürsə bu da onun büdcəsinə təsirsiz ötüşmür. Azərbaycanda daxili turizm də getdikcə inkişaf edir. İstirahət üçün bölgələrə üz tutanların sayında da xeyli artım var. Bəs daxili turizmin xidmətlərindən istifadə edən yerli sakinlərin təhlükəsizliyinə nə dərəcədə riayət olunur? Müştərilər adətən ucuz başa gəlsin deyə qeyri-leqal təşkil olunan turlara üz tuturlar. Faktlar isə onu göstərir ki, bölgələrdə insan ölümü və ya xəsarəti ilə nəticələnən qəza hadisələrinin əksəriyyəti məhz belə turların təşkili səbəbindən baş verir. Ona görə də mütəxəssislər, sosial şəbəkələrdə şişirdilmiş reklamlara aldanmamağı məsləhət görürlər. İnsanlara səyahətə turizm agentliklərinin xətti ilə çıxmaq məsləhət görülür. Çünki onlar təhlükəsizlik baxımından daha etibarlı sayılırlar. Oteldən tutmuş marşrut xəttinə qədər bütün məsuliyyətlər müqavilə əsasında göstərilir. Turistlərin sığorta ilə təmin olunması məsələsinə gəlincə, ekspertlər deyir ki, turizm şirkətlərinin özləri də bu məsələdə maraqlı olmalıdılar. Çünki onlar məsuliyyət daşıyırlar. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, insanlar nəinki xarici, hətta daxili turizmin xidmətlərindən istifadə edəndə də onların təhlükəsizliyi üçün sığorta kartı təqdim edilir. Azərbaycanda isə buna maraq göstərən azdır. Yəqin bu işdə sığorta şirkətlərinə olan inam da mühüm rol oynayır.


SİMNARƏ HƏMİDQIZI