Sosial şəbəkələrin gətirdiyi bəlalar

28 Avqust 2017 09:54

İnternet həyatımızın bir hissəsinə çevrildiyi vaxtda, təəssüf ki, onun fəsadlarından da yan keçmək olmur. İnternetin yaratdığı problemlərdən şikayət edənlərin sayı kifayət qədərdir. Sosial şəbəkələrdə  saxta profillərin açılması, adminin adından yanlış məlumatların yerləşdirilməsi və internet resurslarında yayımlanması insanları narahat edən əsas amillərdən biridir. Mütəxəssislər deyir ki, belə halların qarşısını dərhal almaq mümkündür. Yetər ki, vəziyyətdən asılı olaraq hara müraciət etdiyini biləsən.  Mütəxəssislərin sözlərinə görə, saxta profillərin yaradılmasında kriminal xarakterli nüanslar varsa, o zaman hüquq mühafizə və məhkəmə orqanlarına müraciət etmək lazımdır. Heç kimə sirr deyil ki, sosial şəbəkələrdə saxtakarlıq və şantaja əl ataraq bu sahədəki boşluqlardan geninə-boluna yararlananlar az deyil. Bəs saxta profili necə müəyyən etmək olar? Saxta profil açan insanları elektron müşahidə vasitələri və İP adreslə tapmaq mümkündür. Həmçinin saxta profilləri müəyyən etməyin digər yolu onların qondarma adlarla adlandırılmasıdır. Hüquqşünaslar da təsdiqləyirlər ki, belə faktlar kifayət qədərdir. Lakin insanlar buna bir o qədər də ciddi yanaşmadığından polisə, məhkəməyə müraciət edənlərin sayı olduqca azdır. Təəssüf ki, belə təxribatlara məruz qalanlar arasında tanınmış insanlar da var. Hətta bəzən dünya şöhrətli yazıçıları dırnağarası dirildənlər də tapılır. Məsələn, Dostayevski, Cek Londan, Enşteyn sizə dostluq göndərsə heç də təəccüblənməyin. Psixoloqlar bu üsula əl atan insanların addımını onların daxili boşluğu ilə əlaqələndirirlər. Qanuna edilən son dəyişikliyə  görə, saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edib, böhtan və təhqir edən şəxslər 1000 manatdan 1500-dək cərimə olunur, eyni zamanda 2 ilədək azadlıqdan məhrum edilir.


SİMNARƏ  HƏMİDQIZI