DİQQƏT: Satışda saxta məktəbli formaları var

17 Avqust 2017 10:29

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər artıq məktəb bazarlığı barədə düşünməyə başlayıblar. Odur ki, üz tutublar Bakı Tikiş Evinə. Mövsümlə əlaqədar olaraq əvvəlki aylarla müqayisədə avqustda alıcıların sayı tədricən artmağa başlayıb. Qiymətlərə gəlincə, ötən illə müqayisədə geyim formaları bir qədər bahalaşıb. Məsələn, ibtidai sinif üçün nəzərdə tutlan formanın qiyməti əvvəl 34, yuxarı siniflər üçün 43 manat idisə, bu il aşağı siniflər üçün 40, yuxarı siniflər üçün 45 manat təşkil edir.  Heç kimə sirr deyil ki, bazarlarda Bakı Tikiş Evinin istehsal etdiyi formalarla yanaşı, mənşəyi bilinməyən, başqasına məxsus əmtəə nişanını özününküləşdirərək, keyfiyyətsiz və saxta məktəbli geyimləri də var.  Bəzi işbazlar çin istehsalı olan, heç bir sertifikatı olmayan və zirzəmi şəraitində hazırlanan parçaları kilo ilə alıb məktəbli forması hazırlayırlar. Ona görə də valideynlərə məsləhət görülür ki, övladları üçün məktəbli forması seçərkən Bakı Tikiş Evinin emblemi olan məhsullara üstünlük versinlər, əks halda aldana bilərlər. İlin bütün fəsillərində isə məktəbli forması almaq mümkündür. Həmçinin şəhərin bir başından o biri başına getməyə ehtiyac yoxdur. Tikiş Evinin Bakı şəhər üzrə 15 satış mərkəzi var. Valideynlər yaşadıqları ərazi üzrə fabrikin şöbələrinə müraciət edə bilərlər.


SİMNARƏ HƏMİDQIZI