Nəticələr açıqlandı - 36381 nəfər ali məktəbə qəbul oldu

12 Avqust 2017 10:50

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 42 min 804 abituriyent iştirak edib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, onlardan 36 min 381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11 min 728 nəfər dövlət sifarişi əsasında, 24 min 653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.  Boş qalan yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.