Heyvan bazarında bahalıqdır

01 Avqust 2017 15:12

Göygöl rayonunda yerləşən mal bazarında iri və xırda buynuzlu heyvanların qiymətində 20-30 faiz bahalaşma müşahidə olunur. Belə olan halda, alıcıların bahalıqdan, satıcıların isə alıcı qıtlığından şikayətlənməsi qaçılmazdır. Satıcılar mal-qaranın qiymətində artımın olmasını yemlərin bahalaşması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, heyvanın qidalanması üçün vacib olan çiyid, jımıx, arpa, ot və bu qəbildən olan  yemlərin baha qiymətə təklif olunması satışa da öz təsirini göstərir. Alıcılar isə həm iri, həm də xırda buynuzlu heyvanların qiymətində həddən artıq bahalaşma olduğunu bildirirlər. Bunun üçün də bazarda heyvan almaq qeyri - mümkündür. Heyvan yeminin baha olmasını ot satanlar da təsdiqləyir. Onlar deyirlər ki, qiymət artımı yaz mövsümündə yağıntıların az düşməsi sebəbindən  dəmyə şəraitində bitən otların inkişafı ləngiyib. Həmçinin havaların isti keçməsi də ot qıtlığına zəmin yaradıb. Göygöl mal bazarına rayonla yanaşı, ətraf bölgələrdən - Samux, Goranboy, Daşkəsəndən də iri və xırda buynuzlu heyvanlar gətirilir.


EMİN QULİYEV