Ermənistan növbəti təxribata hazırlaşır

17 İyul 2017 15:07

Qanunsuz “parlament”in saxta “prezident seçki”si keçirməsi özünü gülünc vəziyyətə qoymaqdan başqa bir şey deyil. Hər kəsə çox yaxşı məlumdur ki, qondarma rejimin kriminal “rəhbərliyini”, eləcə də saxta “parlament”in üzvlərini Ermənistanın siyasi-hərbi hakimiyyəti təyin edir və yalnız marionet funksiyasını yerinə yetirirlər. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 19 iyulda qondarma rejimdə qanunsuz “prezident seçki”sinin keçirilməsi ilə əlaqədar məsələni şərh edərkən deyib.Nazirlik rəsmisi bildirib ki, Azərbaycanın işğal olunan ərazilərində yaradılan qondarma rejim Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Qeyri-qanuni və saxta “prezident seçki”si Azərbaycanın Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Hikmət Hacıyev onu da deyib ki, Ermənistanın bu addımı növbəti siyasi təxribatdır. Bunlar bir daha onu sübut edir ki, rəsmi Yerevan münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və hər bir vəchlə işğala əsaslanan status kvonu saxlamağa çalışır.