DİQQƏT: Göydən daş yağır...

17 İyul 2017 11:08

Söhbət Sumqayıt şəhəri 5-ci məhəllə ev 15 drob 32-də yerləşən binadan gedir. Ötən əsrin altmışıncı illərində inşa olunan 3 mərtəbəli tikili qəzalı vəziyyətdədir. Mənzillərdə çatlar əmələ gəlib, döşəmələri də ürəkaçan vəziyyətdə deyil. Binanın küçəyə baxan hissəsi isə təhlükəli haldadır. Sakinlərin sözlərinə görə, burada yaşamaq dözülməz həddə çatıb. Bir müddət əvvəl binaya baxış keçirilib, xırda təmir işləri aparılsa da bu sakinlərin dərdinə əlac olmayıb. Sakinlərin dediyinə görə, binanın ətafından keçərkən diqqətli olmaq lazımdır. Əks halda göydən yağan daş insanı o dünyalıq edə bilər. Məsələ ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxlamağa cəhd etdik. Lakin nə 1 saylı Mənzil Kommunal Sahəsində, nə ki, Sumqayıt  şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində suallarımıza cavab verən məsul şəxsi tapmadıq. Daha sonra şəhər İcra Hakimiyyətindən şifahi olaraq bildirdilər ki, binaya baxış  keçirilib, məsələ aradşırılaraq müvafiq  addımlar  atılacaq.  


RAMİL ZEYNALLI