Yay mövsümünün əvəzolunmaz təamları...

14 İyul 2017 11:16

Yay mövsümündə əsasən yüngül və tez həzm olunan yeməklərə üstünlük verilir. Şəhərdə keçirdiyimiz sorğudan belə məlum oldu ki, sakinlərin əksəriyyəti bu aylar qida rasionuna pomidor-yumurta və badımcan çığırtmasını əlavə edirlər. Səbəbini isə bu cür izah etdilər. Sakinlərin bu iki yeməyi seçməsi təsadüfi deyil. Çünki pomidor-yumurta və badımcan çığırtması həm yüngül, həm də insan orqanizmi üçün faydalı olan tərəvəzlərdən hazırlanır.Pomidorun qabığı və tumu həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır. Öd və böyrək daşlarının meydana gəlməsinə mane olur. İnfarkt riskini azaldır və immuniteti artırır. Badımcan qaraciyərin işini nizamlayır, böyrək ağrılarını minimuma endirir. Hər iki yeməyin bişirilməsində geniş istifadə edilən yumurta isə ən qiymətli qida vasitələrindən biri sayılır. Onun tərkibi dəmir, aminturşuları və antioksidantlarla zəngindir. İnsan orqanizmi 11 növ əvəzolunmaz yağ turşusu istehsal edir. Maraqlısı odur ki, onlardan 9-u yumurtanın tərkibində var. Bu yağ turşuları xroniki yorğunluğu aradan qaldırır, dərinin və saçların sağlamlığını qoruyub saxlayır, immun sistemin möhkələnməsinə səbəb olur. D vitamininin mənbəyi hesab olunan yumurtanın sarısı orqanizmdə kalsium mübadiləsini tənzimləyir, sümük toxumasını bərkidir. Həmçinin onkoloji və ürək-damar xəstəliklərinin qarşısını alır. Onu da deyək ki, orqanizmin gündəlik 25% aminturşulara olan təlabatını məhz yumurta ödəyir. Yumurtanın tərkibində colin maddəsi var ki, bu da beyin üçün çox faydalıdır. Aparılan tədqiqatlar sübut edib ki, colin maddəsi beyin hüceyrələrinin məhv olmasının qarşısını alır. Bir sözlə, mövsümü yeməklər seçərkən səhhətinizi də unutmayın. İnsan orqanizmi üçün vacib qidalardan istifadə edin ki, həm sağlam olasınız, həm də gümrah.


RAMİL ZEYNALLI