“Sarı gəlin” birinci oldu

06 İyul 2017 11:54

Dillərə dastan olan, Azərbaycanın xalq mahnısı “Sarı gəlin” Bolqarıstanda keçirilən festivalda qalib olub. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival"ına “Sarı gəlin” mahnısı ilə qatılıblar. Bütün xalqların dilində tərcümə edilərək ifa olunan Azərbaycana məxsus “Sarı gəlin” Bolqarıstan səhnəsində Azərbaycan və ingilis dillərində təqdim edilərək birinci olub. Bununla bağlı Dövlət Kukla Teatrında təqdimat keçirilib. Milli geyim və atributlarla qurulan səhnəciklə əcnəbilər qarşısına çıxan balacalar heyranlıqla qarşılanıb. Ölkəmizin üçüncü dəfə təmsil olunduğu bu festivalda İngiltərə, İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrlə yanaşı, Ermənistan da iştirak edib. Dünyada “Sarı gəlini” öz musiqiləri kimi təqdim edən mənfur qonşularımız həmişə bizim sərvətlərimizə sahib çıxmağa çalışıblar. Bu baxımdan, “Oyuq” studiyası uşaq qrupunun milli maraqların önə çəkildiyi bu festivala “Sarı gəlin”lə qatılması təsadüfi hal deyil. Bundan başqa, balacalar festivalda autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” mahnısını da ifa ediblər və bu nominasiya üzrə ikinci yerə layiq görülüblər.

XƏYALƏ VAQİFQIZI