Düşmən iki dinc sakini öldürdü

05 İyul 2017 10:48

Düşmən cəbhədə növbəti təxribata əl atıb. Ermənistan silahlı qüvvələri iyulun 4-ü axşam saatlarında Füzulinin Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və qumbaraatanlardan atəşə tutub. Düşmənin təxribatı nəticəsində kənd sakinləri 60 yaşlı Sahibə və nəvəsi 2 yaşlı Zəhra Quliyevalar həlak olublar. Qəlpə yarası alan 52 yaşlı Sərvinaz Quliyeva isə əməliyyat olunub. Silahlı Qüvvələrimizin cavab tədbirləri nəticəsində düşmən susdurulub. "Bu hadisə Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması deməkdir”. Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O, bildirib ki, məsələ ilə əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə tapşırıqlar verilib və onlar akkreditə olduqları ölkələrin hökumətlərini və beynəlxalq qurumları bu barədə məlumatlandıracaqlar. Hikmət Hacıyevin sözlərinə görə, atəş əmri birbaşa Ermənistan ordusunun Ali Baş Komandanından alınıb və məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Cəbhə xətti boyunca düşmənin silahlı qüvvələrinin sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən hücumların edilməsi sistematik xarakter daşıyır. Bunlar beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulmasıdır. "Mülki şəxslərin ölümü bir daha göstərir ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, bu yara hələ qarsaq bağlamayıb. Belə hadisələrin tez-tez baş verməsi bu yaranın hələ çox qan aparacağını göstərir". Bu fikirlər isə Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markova məxsusdur. Ekspertin fikrincə, tərəflər danışıqlar masasına tez bir zamanda oturmasalar, regionda genişmiqyaslı müharibə qaçılmaz olacaq. İsrail səfiri də məsələyə münasibət bidirib və ermənilərin atəşi nəticəsində iki yaşlı Zəhranın və nənəsinin öldürülməsindən dəhşətə gəldiyini vurğulayıb. “Sülhün və əmin-amanlığın olmadığı mühitdə əməkdaşlıqdan danışmaq asan deyil”. Bunu isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 49-cu sessiyasının açılışında Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib. O, dünyadakı konfliktlərin həll edilməsində BMT Təhlükəsizlik Şurasının üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyini əlavə edib. Ermənilərin İyulun 4-ü törətdikləri təxribat cəhdi Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən NATO Parlament Assambleyasının 95-ci seminarında da gündəmə gətirilib. Düşmənin təxribatı ilə bağlı Respublika Baş Prokurorluğunda cinayət işi başlanıb, istinaq aparılır.