Saxta eynəklərin fəsadları...

24 İyun 2017 10:45

Gün eynəkləri yay mövsümündə insanların ən çox istifadə etdiyi aksesuarlardan biridir. Kimi bu eynəklərdən günün ultrabənövşəyi şüalarından qorunmaq üçün, kimi isə sadəcə görünüş xatirinə istifadə edir. Paytaxtın əksər bazar və mağazalarında pərakəndə satılan saxta eynəklər kifayət qədərdir. Qiytməti 3-5 manatdan başlayan və görünüşcə brend markalardan geri qalmayan bu tip aksesuarlar təbii ki, müştəri özünə cəlb edir. Eynək alarkən diqqətli olun! Əks halda qəlbimizin aynası olan gözlərimizi itirə bilərik. Çünki keyfiyyətsiz şüşələrdən hazırlanan eynəklər lazımsız şüaları gözümüzün daxilinə keçirir. Bu isə sonda ciddi fəsadlara yol açır. Gün eynəklərinin üzərində 400 V filtr qeyd olunur ki, bu da 400 nanometr uzunluqda olan ultrabənövşəyi şüaların şüşədən gözə təsir etməsinin qarşısını alır. Mütəxəssislər eynək alarkən diqqətli olmağı tövsiyə edirlər. Yəqin ki, indi hər birinizi bir sual maraqlandırır: Bəs görəsən orijinal eynəkləri saxtalarından nəcə fərqləndirmək olar? Bilmək istəyirsinizsə ekrana bir az da yaxın əyləşin. Mütəxəssislər bildirir ki, eynək alarkən mütləq şüşənin keyfiyyət sertifikatını tələb etmək lazımdır. Çünki onun üzərində lazımı olan bütün göstəriciləri əks olunur. Gözləriylə bağlı problemi olan insanların həkim məsləhətiylə gün eynəkləri almağı məsləhət olunur. Əks halda günəş işığından qorunduğunuz halda, bu işığa həsrət qala bilərsiz...


TOĞRUL NƏSİRLİ