Qəbiristanlıqda xaos...

12 İyun 2017 10:55

Qəbir daşları ölən şəxsin yerinin müəyyən edilməsi, mütəmadi olaraq yad edilməsi üçün olduqca vacib amillərdəndir. Məzar daşları özlüyündə həm də tariximizi əks etdirir. Mövzu ilə əlaqədar Sumqayıtda çəkiliş aparmaq qərarına gəldik. Şəhər qəbiristanlığında gördüklərimiz bizi təəccübləndirdi. Məsələ ondadır ki, buradakı baş daşlarının bəzilərində dünyasını dəyişən şəxslə bərabər digər iki və ya üç nəfərin də şəkilləri həkk olunub. Bu da öz növbəsində sakinlər arasında çaşqınlıq yaradır. Qəbiristanlıqda 30-a yaxın bu cür baş daşlarını müşahidə etmək olar.  Araşdırma zamanı məlum oldu ki, bu əsasən dəfn olunan şəxslərin yaxınlarının istəyi ilə düzəltdirilib. Bu kimi hallar dini baxımdan da məqbul hesab edilmir. İlahiyyatçıların fikrincə, bir baş daşında nəinki iki və üç, hətta bir şəklin olması belə düzgün deyil.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən deyirlər ki, hazırda bu sahədə  xaotik vəziyyət hökm sürür. Belə hallar yalnız Sumqayıtda deyil, digər  regionlarda da müşahidə olunur. Bununla  bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Komitədən verilən məlumata görə, layihə qəbul olunduqdan sonra dəfnlər yeni yaradılan, eləcə də mövcud olan bütün qəbiristanlıqlarda vahid qaydada və formada həyata keçiriləcək. Qaydalar qəbul edildikdən sonra heç kim bahalı məzar daşları, heykəl və abidələr qoya bilməyəcək. Qəbiristanlıqların yaradılması, idarə olunması, dəfn və məzarların qeydiyyatı məsələləri, eləcə də qəbir daşlarının eyni ölçüdə və formada hazırlanması qanunla tənzimlənəcək.


RAMİL ZEYNALLI