Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür

24 Dekabr 2018 08:05

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

İki dəfə 1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçilib).

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib. Həmin il avqustun 4-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq inamlı qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına başlayıb.

Azərbaycan xalqı sabitliyə, dayanıqlı sosial-iqtisadi inkişafa, tərəqqiyə, müstəqil siyasətə səs verməklə azad və demokratik Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin edib.

Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, bütün azadlıqların təmin olunduğu müasir, demokratik ölkədir.

Müasir standartlara cavab verən güclü ordunun yaradılması dinamik iqtisadi inkişafla yanaşı müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. “Güclü iqtisadiyyata arxalanan qüdrətli ordu” formulu Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib.

Azərbaycan Ordusunun gücü və qüdrəti 2018-ci il iyunun 26-da Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə və sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlarda nümayiş etdirildi. Bu, Azərbaycan Ordusunun gücünü və imkanlarını əyani şəkildə görməyə, son 25 ildə nəyə nail olduğunu öyrənməyə və son illər ərzində ordumuzun əhəmiyyətli dərəcədə gücləndiyini bir daha göstərməyə imkan verdi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan bu gün regionda ən güclü orduya malikdir. 2016-cı ilin Aprel döyüşlərində rəşadətli Azərbaycan Ordusunun erməni təcavüzkarlarına sərt cavab zərbələri bunun sübutudur. Ordumuz işğalçılardan böyük ərazini azad etməklə və ölkə tarixinə daha bir şanlı səhifə yazmaqla Azərbaycanın gücünü və nəyin bahasına olur-olsun, işğal olunmuş əraziləri qaytarmaq səylərini dünyaya nümayiş etdirdi.

Azərbaycan Silahlı Qüvvələrinin qələbələrinin davamı isə 2018-ci ilin mayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi uğurlu əməliyyat oldu. Bu əməliyyat zamanı ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş 11 min hektar ərazi azad edildi. Uğurlu əməliyyatlar nəticəsində Şərur rayonunun Günnüt kəndi və kənd ətrafındakı Xunut (2065 metr), Qızılqaya (1683 m) və Mehridağ (1869 m) yüksəklikləri Azərbaycan bölmələrinin nəzarətinə keçdi. Naxçıvan əməliyyatı Azərbaycan Ordusu güclü olduğunu bir daha göstərdi.

Bu hadisələr son illərin vəziyyətini birdəfəlik dəyişdi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında status-kvonun saxlanmasının yolverilməz olduğunu sübut etdi.

2018-ci il Azərbaycan rəhbərliyinin növbəti xarici siyasi uğuru ilə yadda qaldı. NATO Sammitinin yekununda qəbul olunmuş qətnamədə Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənib. Bu prosesin məntiqi davamı kimi Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində uzun illər ərzində ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədlərinin pozulmazlığı kontekstində qeydə alınıb.

2018-ci il, həmçinin may ayında bütün Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyət daşıyan və əsrin ən böyük enerji layihəsi olan “Cənub Qaz Dəhlizi”nin işə salınması kimi mühüm hadisələrlə yadda qalacaq. Prezident İlham Əliyevin layihənin birinci mərhələsini mayın 29-da – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyindən bir gün sonra və 25-ci yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgi-Konfransının açılış günündə işə salması rəmzi məna daşıyır. Beləliklə, Azərbaycanın “Şahdəniz” yatağından ilk qaz “Cənub Qaz Dəhlizi”nin birinci seqmenti ilə - “Şahdəniz 2” üçün genişləndirilmiş Səngəçal terminalından genişləndirilmiş Cənubi Qafqaz qaz kəməri ilə hərəkət etdi və iyun ayında TANAP boru kəmərinin istifadəyə verilməsi ilə Türkiyə ərazisinə çatdı.

“Cənub Qaz Dəhlizi”nin reallaşdırılması Azərbaycanın enerji siyasətinin müstəqilliyini və uğurunu, eləcə də xarici tərəfdaşların ölkəmizə etimadını nümayiş etdirir. Məhz Bakı Avropaya enerji təhlükəsizliyini artırmaq və tədarükü şaxələndirmək imkanı təklif edib.

Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan dünya miqyaslı geosiyasi mərkəz statusunu qazanıb, siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin və qlobal əhəmiyyətli görüşlərin keçirildiyi məkana çevrilib.

Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, başa çatmaqda olan 2018-ci il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edir.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanı daha parlaq gələcək gözləyir.