Ət alarkən diqqətli olun!

15 May 2017 11:15

Gün ərzində Tovuzun küçə və bazarlarında satış məqsədi ilə xeyli heyvan kəsilir. Kəsim prosesində gigiyenik qaydalara əməl edilib-edilməməsi isə sual altındadır. Yararsız ətlərdən qida kimi istifadə edilməsinə dair də kifayət qədər fakt var. Restoran və kafelərdə həmin ətlərdən yemək hazırlanıb satılmasının qarşısını almaq da o qədər asan iş deyil. Qaydalara əsasən kəsimə aparılan heyvan əvvəlcə müayinədən keçməlidir. Sağlam heyvan kəsildikdən sonra ət satışı ilə məşğul olan mağaza və ya bazarlara çıxarıla bilər. Təəssüflər olsun ki, satıcıların özləri də satdığı məhsulun baytarlıq nəzarətindən keçib-keçməməsindən xəbərsizdir. Qəssabların alaqaranlıqdan “hərəkətə” keçərək heyvanı necə və harada kəsdiyi bilinmir. Səhər tezdən qoyun və mal ətləri yerbəyer edilir. Təəssüflər olsun ki, qəssabların qol-qanad açmasına şərait yaradanlar da var. Hər səhər formal xarakter daşıyan möhürlü kağızın verilməsi ilə işini bitmiş hesab edən baytarlıq idarəsinin əməkdaşları bundan sonra nəzarəti gücləndirəcəklərinə söz verirlər. Heyvanların kəsilməsi və satışı zamanı sanitar normalara əməl etməyənləri isə cərimə gözləyir. Hər halda kiloqramı 10-12 manata olan mal və quzu ətinin alıcılara 7-8 manata təklif edilməsi ucuz ətin şorbasından xəbər verir. Ət alarkən diqqətli olun! Əks halda nəinki pulunuzdan, həm də sağlamlığınızdan ola bilərsiniz.


SAMİR NAMİQOĞLU