Qoy həmişə sülh olsun!

21 Sentyabr 2018 09:37

Sülh körpələrin üzünün təbəssümüdür. Çox təəssüf ki, bu gün milyonlarla körpənin üzündən bu təbəssüm itib. Dünyada sülhə susayan, sülh həsrəti çəkən bölgələrin sayı isə azalmaq əvəzinə, ilbəil artır. Belə münaqişə ocaqlarından biri, daha doğrusu birincisi Suriyadır. Bəlkə də Suriyada silahların susması, sülhün əldə olunması indi bir çoxlarına xəyal kimi görünür. Eynilə Koreya yarmadasında sülh danışıqlarının başlayacağı, tez-tez ballistik reketləri sınaqdan keçirməklə dünyanı lərzəyə salan Kim Çen Inın yola gələcəyi kimi. Amma Şimali Koreya lideri protokol qaydalarını pozaraq Cənubi Koreyadan olan həmkarını  hava limanında qarşılamaqla sübut etdi ki,  o da  uzun müddətdir bu sülhün həsrətini çəkirmiş. Beynəlxalq sülhdən danışılırsa təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslər diqqətdə saxlanılmalıdır. Azərbaycan həmişə münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olub və dəfələrlə bunu beynəlxalq miqyasda bəyan edib. Bu biganəlikdən əziyyət çəkən Azərbaycan sabitliyin, sülhün nə demək olduğunu yaxşı bilir. Bu səbəbdən də uzun illərdir ki, Ermənistana qarşı səbir nümayiş etdirir. Məqsəd isə birdir, körpələrin üzünü qorxu yox, təbəssüm bürüsün.


HİCRAN NƏSİBOVA