"Əsrin müqaviləsi" ilə başlayan inkişaf

20 Sentyabr 2018 09:31

Rüstəm Zeynalov 34 ildir neft sahəsində çalışır. İlk əmək fəaliyyətinə qazma köməkçisi kimi başlayan qəhrəmanım illərini quyuların qazılmasına, neftin çıxarılmasına həsr edib. Onun üçün neftin hər damcısı bir sərvətdir. Sentyabrın 20-si onların günüdür. Neft-qaz sənayesində çalışan mütəxəssisdən tutmuş, bu sahədə sadə əmək fəaliyyəti ilə məşğul olan hər kəsin peşə bayramıdır. Azərbaycanda sentyabrın 20-sinin  “Neftçilər günü" kimi qeyd edilməsi təsadüfi deyil. 1994-cü ilin həmin günü ölkənin gələcək inkişafını təmin edən "Əsrin müqaviləsi” imzalanıb. Milli lider Heydər Əliyevin səyi nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli" yataqlar blokunun birgə işlənməsi ilə bağlı 8 ölkənin 13 məşhur neft şirkətini bir araya gətirmək mümkün oldu. Beləliklə, bu tarixi saziş dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açdı. "Əsrin müqaviləsi" xüsusilə ölkə iqtisadiyyatının inkişafına təkan verdi. Azərbaycanın tənəzzül dövrünü yaşayan neft-qaz sənayesi dirçəldi, ölkə düşdüyü böhrandan çıxdı. Vətəndaşlar ulu öndər Heydər Əliyevin neft strategiyasının real nəticələrini görməyə başladılar. Milli lider Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına nəqli yollarını müəyyənləşdirmək oldu. Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edildi, Bakı-Tbilisi Ərzurum qaz kəməri çəkildi. "Şahdəniz" yatağından qaz hasilatına başlanıldı. 2017-ci ildə “Əsrin müqaviləsi”nin 2050-ci ilədək yenilənməsin Azərbaycanın neft sənayesinin tarixində daha bir səhifə açdı. 2017-ci ildə iki milyardıncı ton neftin çıxarılması da Azərbaycanın neft sənayesində mühüm hadisə kimi tarixə düşdü. Əvvəlki illərdən fərqli olaraq, neftin müasir texnologiyalarla hasil olunması az vaxta daha çox neft əldə etməyə imkan verir.  Əldə etdiyi uğurlarla və dünya neft sənayesinin inkişafına verdiyi töhfələrlə Azərbaycan adını  “qara qızıl” ölkəsi kimi tarixə  yazdırır. TANAP, TAP kimi iri transmilli layihələrin də reallaşması “Əsrin müqaviləsi”ndən başlanan inkişafın nəticəsidir. Bununla, Azərbaycan bir dövlət kimi beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.


SİMNARƏ HƏMİDQIZI