ATƏT-də azərbaycanlı qaçqınların məsələsi gündəmə gətirildi

19 Sentyabr 2018 16:56

Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun illik zirvə toplantısında azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri gündəmə gətirilib. “Humanitar məsələlər və öhdəliklər: insan alverinə qarşı mübarizə, qaçqın və məcburi köçkünlər” mövzusunda müzakirələrdə çıxış edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov bildirib ki, Ermənistanın Azərbaycana qarşı əsassız iddialarına görə yüzlərlə insan həlak olub, onlarla kənd, şəhər və qəsəbə viran qalıb. Səbuhi Abbasov bildirib ki, Azərbaycan hökuməti hər il milyonlarla vəsait ayıraraq qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına sərf edir. Amma onlar öz doğma yurdlarına qayıtmaq istəyirlər. Məlumat üçün qeyd edək ki, ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Bu toplantı quruma üzv olan 57 ölkənin rəsmilərini, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir.