Ümid DNT analizinə qalarsa...

19 Sentyabr 2018 09:25

Bu gün Azərbaycanda rəsmi nikahsız uşaq dünyaya gətirib, övladı ilə tək qalan anaların sayı az deyil.  Adətən, bu vəziyyətə düşən qadınların üz tutduqları birinci ünvan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olur. Qanunvericiliyə görə, rəsmi nikahda olan cütlüklər boşandığı halda ana öz övladı üçün aliment tələb edə bilir. Ailə Məcəlləsinə görə, ana məhkəməyə müraciət edib, atalığın təsdiqlənməsinə nail olmalıdır. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Qanunvericilik uşağın atası olduğu iddia olunan şəxsdən DNT analizinin xərcinin əvvəlcədən alınmasına icazə vermir. Yəni ana uşağın atalığını müəyyən etmək üçün öncə özü vəsait tapıb, bu laborator analizi aparmaq üçün klinikaya müraciət etməlidir. Əgər atalıq təsdiqlənərsə, bu vəsait atadan alına bilər.Bəs atalıq necə müəyyən olunur? Həkim Faiq Məmmədov deyir ki, olduqca mürəkkəb olan bu bioloji kodda bütün informasiyalar toplanır. Məhz bu unikal analiz atanın müəyyənləşdirilməsində mühüm rol oynayır. Hüquqşünas Ramil Süleymanov deyir ki, ötən ay “dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun qəbul edilib. Qanunda vətəndaşın əl-barmaq izləri və genom məlumatlarının alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi, o cümlədən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, insanın əl barmaqlarındakı kapilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatlar, DNT  ilə bağlı məlumatlar, bunlardan hansı hallarda istifadə edilməsinin hüquqi mexanizmləri təsbit olunur. Hazırda Azərbaycanda DNT analizi ilə bağlı müraciətlərin sayı xeyli yüksəkdir. Atalığın müəyyən olunması ilə bağlı əvvəlcə məhkəməyə müraciət olunur. Əgər ata məhkəməyə gəlib uşağın ondan olduğunu boynuna almasa, iş genetik ekspertizaya göndərilir. Rəsmi nikah olmadığı halda məhkəmə analiz üçün sizdən evlilik haqda sənəd tələb edə bilməz. DNT analizi hansısa cinayət işi ilə əlaqədardırsa, bu zaman hüquq mühafizə orqanlarının qərarı əsasında DNT analizləri məhkəmə bioloji şöbəsində dövlət hesabına edilir. Atalığın müəyyən edilməsi  təqribən 1000-3000 min manat aralığında başa gəlir.


RAMİL ZEYNALLI