ATƏT-də erməni separatçılarının təxribatının qarşısı alındı

18 Sentyabr 2018 15:43

ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammitdə erməni təxribatının qarşısı alınıb. Məsələ ondadır ki, “Fundamental azadlıqlar: ifadə və sərbəst toplaşmaq azadlığı, milli insan haqları təşkilatları və vətəndaş cəmiyyəti” mövzusunda keçirilən müzakirələrdə özünü "Avropa Artsax Mərkəzi"nin rəhbəri kimi təqdim edən Harutyun Qriqoryan adlı şəxs qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil ölkə kimi təqdim etməyə cəhd edib. Separatçı rejim nümayəndəsinin təxribat yönümlü bu çıxışı Azərbaycan nümayəndə heyətinin kəskin reaksiyasına səbəb olub. Nümayəndə heyətimizin üzvü Gülsel Səfərova veto hüququndan istifadə edərək, Harutyun Qriqoryanın çıxışını kəsib və "Artsax" adlı bir ölkənin mövcud olmadığını, həmin ərazilərin Azərbaycana məxsus işğal olunan Dağlıq Qarabağ torpaqları olduğunu diqqətə çatdırıb. Azərbaycan nümayəndə heyətinin etirazı ATƏT rəhbərliyi tərəfindən qəbul olunub və separatçı rejim nümayəndəsinin çıxışı dayandırılıb.Daha sonra çıxış edən Ermənistanın ATƏT-dəki daimi nümayəndəliyinin müavini David Knyazyan Cənubi Qafqazda sərbəst hərəkət azadlığı haqqında danışıb və rəsmi Bakının və Ankaranın ünvanına böhtan xarakterli fikirlər səsləndirib. O, həmçinin veto hüququndan istifadə edərək çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidovun çıxışının qarşının alınmasını istəyib, lakin təklifi rədd edilib. Hüquq müdafiəçisi Əhməd Şahidov çıxışında ATƏT-in baza prinsiplərindən söz açıb və separatçı rejim nümayəndələrinin bucür beynəlxalq tədbirlərdə iştirakının yolverilməz olduğunu bildirib və bunun ATƏT-in fundamental prinsiplərinə, eləcə də ölkələrin ərazi bütövlüyünə zidd olduğunu diqqətə çatdırıb. Çıxışdan sonra separatçı rejimin nümayəndəsi Harutyun Qriqoryan zaldan çıxarılıb. ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammitdə quruma üzv olan 57 ölkənin nümayəndələri iştirak ediblər.