Ü.Hacıbəyovun - Milli Musiqinin doğum günü

18 Sentyabr 2018 09:29

Günün tarixi dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə sıx bağlıdır. Məhz 1885-ci ilin 18 sentyabrında dahi bəstəkar anadan olub. Uşaqlığı Qafqazın  “konservatoriyası” - Şuşada keçib. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərib.  Gənc yaşlarında bir-birinin ardınca yazdığı “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operaları bəstəkara şöhrət gətirib.Uzeyir Hacibeyli 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Əslində, dahi sənətkarın doğum gününün bayram kimi qeyd olunması ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Üzeyir bəyin vəfatından sonra hər il bu günü bayram kimi qeyd edib. İllər ötdükdən sonra bu, ənənə halını alıb. 1995-ci ildə bəstəkarın anadan olmasının 110 illiyi ərəfəsində Milli lider Heydər Əliyevin fərmanı ilə 18 sentyabr Milli Musiqi Günü kimi təqvimə salınıb. Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. Musiqişünaslar deyir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaratdığı əsərlərdə Azərbaycan xalqına məxsus nikbinlik, xoş əhval ruhiyyə, sevgi var. Azərbaycan istedadlar yurdudur. Üzeyir Hacıbəylidən sonra Qara Qarayev, Akif Məlikov, Niyazi, Müslim Maqomayev kimi sənətkarlar  Milli Musiqi tarixinə  öz zəngin musiqi təxəyyüllərinin məhsullarını yazdırıblar. Müstəqillik dövründə də  Azərbaycan bəstəkarları  xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak edib, Azərbaycan musiqisini dünyada tanıtmaq imkanı əldə ediblər.


AYŞƏ İSAZADƏ