Cibə ucuz, sağlamlığa baha başa gələn İŞIQLAR

17 Sentyabr 2018 09:03

Luminiset lampalar enerjiyə qənaət edir. Ağ işığın enerji sərfiyyatı 5 dəfə az olduğu üçün bu lampalara maraq çoxdur. 20 Vatt-lıq lampanın verdiyi işıq, közərmə lampasının 1000 Vatt-ına bərabərdir, istismar müddəti isə 20 000 min saatdır. Çəkiliş apardığımız mağazadan da son vaxtlar bu işıqlara marağın çox olduğu təsdiqləndi. Qənaətcil olduğu üçün, demək olar ki, hər kəsin seçimi ağ lampalardır. Ekoloqlar isə həyəcan təbili çalırlar - bu tip lampaların ölkədə yayılmasının qarşısı alınmalıdır. Ekoloq Telman Zeynalovun sözlərinə görə, hər gün zibilliyə atılan minlərlə lampanın tullantılarla birlikdə yandırılması zamanı ekologiyaya ciddi ziyan dəyir. Səbəb onların tərkibində civə ilə yanaşı, bir sıra kimyəvi maddələrin də olmasıdır. Ağ işıq saçan lampalar ekologiya ilə yanaşı orqanizmə, xüsusilə də gözə ziyandır. Bu lampalar yanarkən əsmə baş verir ki, insan gözü həmin tezliyi qavraya bilmir. Mütəxəssislərin fikrincə, led lampalar enerji sərfiyyatına görə həm qənaətcil, həm də zərərsizdir. Cibə ucuz, insan sağlamlığına baha başa gələn ağ lampaların tərkibində isə civə var. Lampa yandıqca civə buxarlanaraq xaric olunur ki, bu da həm  həyat, həm də ətraf mühit üçün təhlükəlidir.


LEYLA ABBASOVA