Azərbaycan və Gürcüstanın ticarətini asanlaşdıracaq MƏRKƏZ

15 Sentyabr 2018 15:51

“Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin Azərbaycan tərəfində yeni tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi kimi mərkəzlərin yaxın gələcəkdə digər sərhəd-keçid məntəqələrində də tikiləcəyi nəzərdə tutulub. Bu fikirlər Tbilisidə “Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” adlı üçillik layihənin yekunlarına həsr olunan konfransda bildirilib. Qeyd olunub ki, layihə çərçivəsində görülən işlər iki ölkənin ticari əlaqələrinin inkişafına müsbət təsir göstərəcək.Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasının ümumi sahəsi 1590 kv. metrdir. Binanın birinci mərtəbəsində müvafiq dövlət qurumları vahid pəncərə prinsipi əsasında xidmət göstərəcək. İkinci mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşir. Mərkəzin ərazisində yük avtomobillərinin yoxlanması üçün X-ray qurğusu, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi yer və yataqxana da mövcuddur. Layihənin ümumi dəyəri 2 milyon 600 min avrodur. Məbləğin 2 milyon 128 min avrosunu Aİ, qalan hissəsini isə Azərbaycan və Gürcüstan tərəfi ayırıb.


AZƏR MƏMMƏDOV