XİN-dən AÇIQLAMA: Ermənistan rəhbərliyi odla oynayır

15 Sentyabr 2018 13:55

"Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribatlar törədib. Ermənistan-Azərbaycan sərhədi boyunca Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və dinc sakinlər ağır silahlardan atəşə tutulub, sakinlərin əmlakına və mülki infrastruktura ziyan vurulub." Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O, qeyd edib ki, mənəvi və beynəlxalq humanitar hüquq normalarına zidd şəkildə mülki insanların və obyektlərin qəsdən hədəfə alınması Ermənistan silahlı qüvvələri üçün ənənəvi xarakter daşıyır və asimmetrik taktika olaraq döyüş hazırlığının tərkibinə daxil edilib. Nazirlik rəsmisi bildirib ki, ölkə daxilində ciddi problemlərlə və hakimiyyət davası ilə üzləşən Ermənistanın rəhbərliyi siyasi demaqogiya və hərbi təxribatlara əl ataraq, odla oynamaqda davam edir və vəziyyətin qəsdən gərginləşdirilməsinə çalışır. Sitat: Ermənistan rəhbərliyi nəhayət reallığı dərk etməlidir ki, Azərbaycan vəziyyətin daim bugünkü formada davam etməsinə heç vaxt imkan verməyəcək. Azərbaycanın BMT Nizamnaməsi əsasında ayrılmaz hüquqlarında istifadə edərək atmalı olacağı addımların məsuliyyəti isə tam şəkildə Ermənistanın üzərinə düşəcək" Sitatın sonu.