Azərbaycanda "Bilik Günü" qeyd olunur

15 Sentyabr 2018 09:53

Üç aylıq istirahət dövrü bitdi. Məktəblilər üçün artıq yeni dönəm başlayır. Yeni tədris ilində ümumtəhsil müəssisələrində ümumilikdə 1 milyon 592 min 317 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 165 min 780 şagird isə məktəbə ilk dəfə gedəcək. Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumtəhsil müəssisələrinin 1-11-ci sinifləri üçün 332 adda 6 milyon 726 min 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap olunub. 15 sentyabrın həftənin şənbə gününə təsadüf etməsinə baxmayaraq, təhsil nazirinin əmriylə bu gün "Bilik Günü" kimi qeyd olunur. Ayın 17-də isə şagird və müəllimlərin ilk dəs günü olacaq. Bəs, tətildən tədrisə qayıdan şagirdlər ilk dərs gününə necə uyğunlaşır? Ümumiyyətlə, məktəbliləri prosesdə hansı çətinliklər gözləyir? Psixoloqlar deyir ki, şagirdlərdə psixoloji travmalar olmasın deyə tədrisin ilk günlərində onları yükləmək, saatlarla dərs oxumağa məcbur etmək düzgün deyil. Tədris ilinin ilk günlərində uşaqların emosional vəziyyəti dəyişir deyən psixoloqlar xüsusilə birinci sinfə qədəm qoyan şagirdlərə qarşı həssas və diqqətli  olmağı tövsiyə edirlər. Bilik günü - bu günün sevincini yaşayan hər kəs üçün əlamətdardır. Bu gün həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkənin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir. 


AYŞƏ İSAZADƏ