Əsir və girovlarımızın məsələsi gündəmə gətirildi

13 Sentyabr 2018 15:29

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. “Qanunun aliliyi: qanunsuz həbs və işgənclərə qarşı mübarizə, antiterror fəaliyyəti” mövzusunda keçirilən müzakirələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib. Münaqişə dövründə əsir və girov götürülən vətəndaşlarla bağlı statistik məlumatlar diqqətə çatdırılıb. Hazırda yüzlərlə azərbaycanlının qanunsuz olaraq, Ermənistanda və işğal olunan Dağlıq Qarabağ ərazisində girov saxlanıldığını, onların bəziləri barədə heç bir məlumatın olmadığı qeyd olunub. Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması məsələsinə toxunan hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın beynəlxalq qanunlara əməl etmədiyini və BMT-nin Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozduğunu bildirib. O, Ermənistanın bu siyasətə son qoymasını tələb edib. Tədbirdə quruma üzv olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.