H.Hacıyev: N.Paşinyan savadını artırsın!

13 Sentyabr 2018 10:34

"Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunan ərazilərində yaradılan qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir". Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışına münasibət bildirərkən belə deyib. Nazirlik rəsmisi bildirib ki, gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəf rəsmi Yerevandır. Hikmət Hacıyev onu da qeyd edib ki, Paşinyanın Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “Dağlıq Qarabağ xalqı” deyə müraciət etməsi tamamilə əsassız və absurddur. Sitat: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin təqdim etdiyi və hazırda müzakirə olunan bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistanın baş nazirinə həmin sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadını artırmağı tövsiyə edirik." Sitatın sonu.