Düyməli telefonlara maraq artır

13 Sentyabr 2018 09:56

Evdə, nəqliyyatda, küçədə, işdə, asudə vaxtlarımızda belə telefon əlimizdən düşmür. Bu cihaz demək olar ki, həyatın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər yalnız danışmaq üçün istifadə edilən telefonlar bu gün başqa funksiyaları yerinə yetirir. Xəbər saytlarını izləmək, elektron məktublaşma, video görüntü, sosial şəbəkələrdən istifadə və internetə çıxış məhz smartfon telefonlar vasitəsilə həyata keçirilir. Ötən ildən isə Avropada internetə çıxışı olmayan düyməli telefonlara tələbat artıb.  Köhnə modellərə olan maraq yenidən gündəmə gəlir. İnsanlar bir neçə il əvvələ qayıdaraq dünyaya çıxışı olmayan mobil telefonlardan asanlıqla istifadə edə bilərmi? 10 ildən çoxdur istifadəyə verilən smart tipli telefonlar insanlarda asılılıq yaradır. Ona görə də ekspertlər hesab edir ki, bu tip telefonların imkanları və  funksiyaları çox olduğundan çətin ki, bundan imtina edilsin. Ekspertlər düyməli telefonlara tələbatın nisbətən artacağını proqnozlaşdırır. Çünki smart telefonlarla müqayisədə düyməli telefonlar təhlükəsizdir, dinlənilməsi və informasiyaların ələ keşməsi mümkünsüzdür. Həm də insanların cibinə uyğundur. Smartfon telefonlar isə funksiyasına görə, təkcə gənclərdə deyil, uşaqlarda və orta yaşlılarda da asılılıq yaradır. Psixoloqlar deyir ki, düyməli telefonlar asılılıq yaratmır. Dünyada elm adamlarının, rəsmi şəxslərin bir çoxunun məhz düyməli telefonlardan istifadə etməsi bu baxımdan təsadüfi deyil. Onlar özünü smartfon telefonların ziyanlı tərəflərindən və asılılıqdan qoruyurlar. Telefonlardan asılılıq təkcə Azərbaycanda deyil, bütün dünyada yaşanır. Araşdırmaya görə, 78% britaniyalı həyatını smartfonsuz təsəvvür etmir.


SİMNARƏ HƏMİDQIZI