Qazla işləyən maşınların sayı artdı

11 Sentyabr 2018 10:32

Qazla işləyən avtomobillərə maraq yenidən artıb. Sürücülər sərfəli olduğunu əsas gətirərək bu addımı atırlar. Bəs təhlükəsizlik? Azərbaycanda qazla işləyən avtomobillərin tez-tez partlaması ilə bağlı hadisələr elə də uzaq keçmişdə baş verməyib. Kustar üsulla quraşdırılan qaz balonlarının faciələrə səbəb olduğu çoxlarının yadından çıxmayıb. Son dövrlərdə qazla işləyən avtomobillərə marağın artması bu narahatlıqları yenidən gündəmə gətirib. Mütəxəssislər sürücüləri bu məsələyə həssas yanaşmağa çağırırlar. Xüsusilə də, köhnə maşınlara qazla işləmək məsləhət görülmür. Bu, dizellə çalışan maşınlara da aiddir. Mütəxəssislərin sözlərinə görə, qaz cihazlarını quraşdırarkən texnologiyalara düzgün riayət edilsə, heç bir təhlükə olmaz. Avro-5 standartının tələblərinə cavab verən avadanlıqlarda təhlükəsizlik klapanları olur. Qəza anında sistemdəki həmin klapanlar dərhal işə düşərək qazın axınını bloklayır. Ekspertlərin sözlərinə görə, qanuna uyğun olaraq, avtomobillərin qazla idarə edilməsi razılaşdırılmalıdır. Bunun üçün müvafiq sənədləri hazırlamaq və 45 manat məbləğində rüsum ödəmək lazımdır. Avtomobillərin qaz balonu ilə təchiz edilməsi hələ son deyil. Təhlükədən uzaq olmaq istəyirsinizsə, maşın xüsusi nəzarətdə saxlanılmalıdır. Rast gəlinən bütün xoşagəlməz hallarla bağlı dərhal mütəxəssislərə müraciət olunmalıdır.  Avtomobillərin qazla işləməsi təcrübəsi dünyada da geniş tətbiq olunur. Beynəlxalq Təbii Qazla İşləyən Nəqliyyat Vasitələri Assosiasiyasının statistikasına əsasən, dünyada 26 milyondan çox nəqliyyat vasitəsi və 31 mindən çox müvafiq yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Ölkələrin böyük əksəriyyətində bu cür avtomobillər üçün sərt tələblər mövcuddur. Əsas amil insan təhlükəsizliyidir. Siz də daha çox yol qət etmək istəyirsinizsə, təhlükəsizlik tədbirlərinə ciddi əməl edin!


SAMİR NAMİQOĞLU