"Böyüyəndə kim olacaqsan?" - Uşaqların PEŞƏ seçimi

10 Sentyabr 2018 09:43

Uşaqların duzlu-məzəli cavabları hər zaman təbəssüm yaradır. Onlar çox peşədən xəbərdardılar. Ən məşhur cavablar belədir: Qızlar həkim və müəllim, oğlanlar isə polis və prokuror olmaq istəyirlər. Uşağın peşə seçiminə marağı məktəbəqədər dövrdən başlayır. Valideynlər məktəbqabağı dövrdə uşağın bacarığı, qabiliyyəti və marağını müəyyənləşdirməlidirlər. Mütəxəssislər bildirirlər ki, bu qərarı verərkən ailələr tez-tez yanlışa yol verirlər. Qardaş və ya qonşu uşaqlarla müqayisə etmək, özlərinin reallaşdıra bilmədiyi arzuları uşaqlarının həyatlarında gerçəkləşdirmək, ata-ana peşəsinin davam etdirilməsi kimi basqı, bir-birinin xətri üçün peşə seçiminə məcbur etmək ailələrin ən çox etdiyi səhvlərdir. Çox zaman peşəni seçərkən hansı sahənin daha çox pul gətirəcəyi haqqında fikirləşirlər. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə deyil, həm də özünü ifadə etmək, doğrultmaq üçün seçilməlidir. Mütəxəssislər bildirirlər ki, son qərarı ailələr deyil, uşaqlar verməlidirlər. Ailəsindən dəstək alaraq potensialını kəşf edən uşaq diqqətli və sevərək öz hədəfinə doğru irəliləyəcək. Mütəxəssislər uşaqların peşə seçimi ilə bağlı valideynlərin təzyiq deyil, istiqamət göstərməsini vacib sayırlar. Gələcəyimiz olan uşaqların hansı peşənin sahibi olacağını zaman göstərəcək. Əsas odur ki, Vətənə, millətə xeyirli övlad olsunlar.

 

RAMİL ZEYNALLI