Gürcüstanda azərbaycanlı abituriyentlər etiraz edirlər

07 Sentyabr 2018 09:32

Gürcüstanda bu il keçirilən qəbul imtahanlarında keçid balını toplayan 400-dən artıq azərbaycanlı abituriyent ölkənin Vahid Milli İmtahanlar Mərkəzi tərəfindən kəsilib. Buna etiraz əlaməti olaraq bir qrup gənc Gürcüstanın Elm və Təhsil Nazirliyinin qarşısında aksiya təşkil edib. Onlar ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün daha bir imkanın yaradılmasını tələb edirlər.Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsək də bizə hələlik bu haqda heç bir məlumat verə bilməyəcəklərini bildirdilər.Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən isə vurğulayıblar ki, abituriyent keçid balını toplasa da, həmin bal onun göstərdiyi fakültə üçün kifayət etməyə bilər. Mərkəzdən həmçinin bildirilib ki, ali təhsil müəssisələrinə əlavə yerləşdirmə bir neçə ildir ki, ləğv olunub. Görünən odur ki, abituriyentlər tələbə adını qazanmaq üçün biliyini və bəxtini gələn il sınamalı olacaqlar.


AZƏR MƏMMƏDOV