Uşaqlar internetdə nəyə baxır?

06 Sentyabr 2018 09:39

Ayan 5 yaşındadır. Yaşı az olsa da vaxtını daha çox internetdə keçirir, valideynlərinin etirazına baxmayaraq. İzlədiyi və maraq göstərdiyi videolar isə əvvəlki dövrlərin uşaqlarının baxdıqlarından fərqlidir. Psixoloqlar deyir ki, internet kompüter, planşet, mobil telefon və digər bu kimi fərqli və müxtəlif xüsusiyyətlərə malik cihazlar vasitəsilə uşaqlara təqdim olunduğu üçün onların diqqətini çəkir. İnternetdən çox istifadə beyini yükləyir, daxili gərginliyi artırır, diqqəti yayındırır və uşaqların emosional ünsiyyət qurmasında ciddi problemlər yaradır. “Kaspersky Lab” şirkətinin dünya üzrə araşdırmasına görə, bu yay uşaqlar sosial şəbəkələrdə ünsiyyətə deyil, video-məzmun və musiqiyə üstünlük veriblər. Ən məşhur portallar “Facebook” və “YouTube” olub. Azərbaycanda proqram təminatı, video və musiqi yer alan saytlara daxil olan azyaşlı istifadəçilərin payı 35,4% təşkil edib. Ekspertlər deyir ki, internetə girişin günü-gündən əlçatımlılığı artdığından uşaqlar asanlıqla bu təhlükənin qurbanına çevrilirlər. Problemin həlli üçün həm valideynlərin, həm də provayder şirkətlərinin üzərinə öhdəlik düşür. Hazırda Azərbaycanda fəaliyyət göstərən provayder şirkətləri süzgəcdən keçirilmiş internet təqdim etmirlər. Bu halda valideynlərin uşaqları təhlükədən qorumaq üçün bir yolu qalır. Hökumət də internetlə bağlı monitorinq siyasətini daha gücləndirməlidir. Ekspertlərin fikrincə, ölkə üçün zərərli informasiyalar və videoları paylaşan saytların qara siyahısı tərtib edilməli və bu sahədə Avropa təcrübəsindən istifadə olunmalıdır.


AYŞƏ İSAZADƏ