Azərbaycan ABŞ-a nota verdi

05 Sentyabr 2018 14:07

Rəsmi Bakı ABŞ Dövlət Departamentinə nota verdi. Bununla əlaqədar ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona sənədlə bağlı məlumat verilib. Görüş əsnasında Dan Bilzeryan adlı birisinin Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında Qanunu və Miqrasiya məcəlləsini pozaraq, müvafiq sənədlər təqdim etmədən və ölkəmizin müvafiq qurumları tərəfindən müəyyən edilməyən sərhəd keçid məntəqələrindən kənar Ermənistan ərazisindən Azərbaycanın işğal olunan ərazilərinə səfəri, qondarma rejimin təşviqi, qanunsuz yolla odlu silahlar əldə etdiyi və nümayişkarcasına və təxribatçı məqsədlərlə bu silahlardan Azərbaycan silahlı qüvvələrinin mövqeyinə atəş açdığı diqqətə çatdırılıb. Həmçinin, ABŞ vətəndaşı olan bu şəxsin kameralar qarşısında tərbiyəsiz və nadan açıqlamalarının Azərbaycan xalqının ləyaqətinə və mənəvi dəyərlərinə toxunduğu qeyd olunub. 


Bu arada ABŞ prezidenti Donald Tramp ölkəsinin Azərbaycandakı səfiri postuna namizədini irəli sürüb. Bu barədə Ağ Evin rəsmi saytında məlumat dərc olunub. Trampın bu posta namizədi Erla Litzenberqerdir. O, hazırda Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə baş müşaviri olaraq çalışır. Fransız, rus, serb və bolqar dillərini bilir. Evlidir, iki uşağı var.