Sükan arxasında "oyun" çıxaran sürücülər...

05 Sentyabr 2018 09:48

Görüntülər paytaxtda 39 saylı marşrutda qeydə alınıb. Kadrlardan da görünür ki, sürücü əməlli-başlı sükar arxasında yatır. Məsələyə münasibət bildirən ekspert Elməddin Muradlı deyir ki, hazırda Bakı şəhərində fəaliyyət göstərən marşrutlarda problemlər yetərincədir. Bu məsələdə sürücü qədər sahibkar da məsuliyyət daşımalıdır. Paytaxtda necə gəldi şütüyən və həyata keçirdikləri işin məsuliyyətini dərk etməyən sükan sahiblərinin sanki bir amalı var, qoyulan tapşırığı tez-tələsik yerinə yetirmək. Onlar üçün fərqi yoxdur, sükan arxasında yuxulaya da bilirlər, telefonla danışa da. Bu isə öz növbəsində  yollarda xoşagəlməz məqamlarla nəticələnir. Bəs qanunla  necə olmalıdır, sərnişindaşımada fəaliyyət göstərən sürücü günün neçə saatını işləməli və ya istirahət etməlidir? Hazırda fəaliyyət göstərən marşrut sürücüləri isə bunun tam əksini edirlər. Onlar səhər saatlarında işə başlayır və 8-10 saat dayanmadan işləyirlər. Hətta vaxta qənaət etmək məqsədi ilə səhər yeməyini belə sükan arxasında yeyən sürücülər kifayət qədərdir. Məsələyə Bakı Nəqliyyat Agentliyi də münasibət açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, son zamanlarda sərnişindaşımada baş verən neqativ halları Bakı Nəqliyyat Agentliyi nəzarətə götürüb. Sosial şəbəkələrdə yayılan kadrlar araşdırılıb,  39 saylı marşrut sürücüsü daşıyıcı agentliyə çağırılıb və ciddi xəbərdarlıq edilib. Mais Ağayevin sözlərinə görə, hazırda nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərində sürücülərin iş və istirahət saatlarına əməl edilməsində heç bir problem yoxdur. Amma plan sistemi ilə fəaliyyət göstərən xətlərə işə qəbulu daşıyıcılar həyata keçirdiyindən həmin sürücülərin  iş və istirahət saatları da onlar tərəfindən tənzimləməlidir. Nəyin necə olmasından aslılı olmayaraq istənilən halda hər bir sürücü unutmamalıdır ki, insanların sağ-salamat mənzil başına çatması onlardan asılıdır.


GÜNDÜZ MƏMMƏDOV