NATO ilə bağlı mübahisələr dərinləşir

08 Avqust 2018 11:14

Rəsmi Moskva Gürcüstanın NATO ilə əməkdaşlığından narahatdır. Rusiyanın baş naziri Dmitri Medvedyev “Kommersant” radiosuna müsahibəsində bunu bir daha bəyan edib. Hətta bildirib ki, Gürcüstanın NATO-ya daxil olması dəhşətli münaqişəyə və təxribata səbəb ola bilər. Dmitri Medvedyevin bu sözləri Gürcüstanda birmənalı qarşılanmayıb. Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin beynəlxalq məsələlər üzrə müşaviri Tengiz Pxaladze bildirib ki, Medvedevin sözləri NATO sammitinə verilən reaksiyadır. Qeyd edək ki, bu gün Gürcüstanla Rusiya arasında baş vermiş 4 günlük müharibədən 10 il ötür. Gürcüstan ordusu separatçı Cənubi Osetiyada nəzarəti bərpa etməyə cəhd göstərib və bir neçə saat ərzində separatçıların əsas dayaq məntəqəsi hesab edilən Sxinvalinin böyük bir hissəsinə nəzarəti ələ keçirib. Bundan sonra Rusiya qoşunları Gürcüstanla dövlət sərhədini keçərək, "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma keçib. Bir neçə günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur olublar. Müharibə avqustun 12-də Fransanın o vaxtkı prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatıb. Bu müharibə 21-ci əsrdə Avropada baş vermiş ilk müharibə kimi tarixə düşüb. 


AZƏR MƏMMƏDOV