Sumqayıtda toyuqlar kütləvi qırıldı

06 Avqust 2018 17:26

Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində həyətyanı sahədə ev quşları saxlayan Səbuhi Həsənovun təsərrüfatında toyuqların kütləvi şəkildə tələfatı baş verib. Səbuhi Həsənovun sözlərinə görə, bir neçə gündür saxladığı toyuqlar gözlənilmədən məhv olur və bunun qarşısını almaq mümkün olmur. Ev quşlarını qapalı şəraitdə saxlasa da, məlum olmayan səbəbdən 200-ə yaxını qırılıb. Zərəçəkən deyir ki, ev quşlarında indiyədək belə hal müşahidə etməyib və ona da bunun səbəbi məlum deyil. Səbuhi Həsənov yaranmış problemlə bağlı Sumqayıt şəhər Baytarlıq İdarəsinə də müraciət edib. O, müraciətinə reaksiya verilmədiyini bildirir. Məsələ ilə bağlı Sumqayıt şəhər Baytarlıq İdarəsi ilə əlaqə saxladıq. Qurumdan vətəndaş tərəfindən onlara müraciət olunduğunu, amma həmin təsərrüfatın qeydiyyatda olmadığını bildirdilər. Qeyd etdilər ki, buna baxmayaraq vətəndaşın müraciəti ilə bağlı qurumun həkimləri sözügedən ünvanda olub və hadisəni araşdırıblar. Kütləvi tələfata qurd xəstəliyinin səbəb olduğu müəyyən edilib.