İki qardaş ölkənin meqa layihəsi - "STAR"

06 Avqust 2018 08:47

Bura Homerin ilham mənbəyi, İsgəndərin arzusu olan İzmirdir. Şəhərdə qədim yunan-roma, Bizans və Osmanlı mədəniyyəti bir arada qorunub saxlanılır. Amma biz sizə bu dəfə İzmirin əsrarəngizliyindən deyil, onun ərazisində SOCAR-ın reallaşdırdığı möhtəşəm meqa layihədən söz açacağıq. “STAR” neft emalı zavodu coğrafi olaraq Türkiyənin əlverişli regionunda və ölkənin ikinci ən böyük bazarının mərkəzində yerləşir. 2011-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməli qoyulan müəssisənin ərsəyə gəlməsinə 6 milyard 300 milyon dollar vəsait xərclənib. İl ərzində 10 milyon ton xam nefti qəbul etmək imkanına sahib olacaq zavod Türkiyənin dizel yanacağına olan ehtiyacının 1\4-ni ödəmiş olacaq.  “STAR” neft malı zavodunda gündəlik 214 min barrel xam neft emal ediləcək. Bu da Türkiyənin illik kəsirini 1 milyard 500 milyon dollar azaldacaq. Müəssisə həmçinin “PETKİM”in naftaya olan tələbatını ödəyəcək. Bu isə o deməkdir ki, artıq “STAR”ın istehsal edəcəyi nafta məhsulunun 100 faizinin alıcısı var. Layihə yeni iş yerlərinin açılmasına da töhfə verəcək. Zavod tam güc ilə fəaliyyətə başladıqdan sonra burada 1100-dən çox adam işlə təmin olunacaq.  Bura nafta, təyyarə yanacağı, az kükürdlü dizel yanacağı və digərləri daxildir. "STAR"-ın məhullarının ilk olaraq Avropa, Orta Şərq və Afrika ölkələrinə idxalı nəzərdə tutulur. Bu layihə hər iki ölkənin iqtisadiyyatına yeni nəfəs, yeni təkan verəcək. Yeri gəlmişkən, “STAR” neft malı zavodu artıq sınaq proseslərinə başlayıb. Bunun üçün lazım olan ilk xam neft Azərbaycandan gətirilib. 80 min tonluq Azərilayt markalı qara qızılı 244 metr uzunluğundakı Abşeron tankeri gətirib.


ALLAHVERDİ NADİROĞLU