Gürcüstan prezident seçkisinə hazırlaşır

04 Avqust 2018 09:20

Gürcüstan növbəti prezident seçkisinə hazırlaşır. Prezident və hökumət administrasiyaları səsvermənin oktyabrın 28-də keçirilməsi barədə razılığa gəlib. Gürcüstan Konstitusiyasına əsasən, növbəti prezident seçkisinin keçirilməsinə 60 gün qalmış baş nazir bu siyasi kampaniyanın tarixini açıqlamalıdır. Bu dəfə Gürcüstan prezidenti ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçiləcək. 2010-cu ilin oktyabrında qəbul edilən konstitusiyaya əsasən, prezidentin səlahiyyətləri parlament və baş nazirin xeyirinə azaldılıb. Gürcüstan parlament idarəetmə üsuluna keçib. Baş nazir Mamuka Baxtadze jurnalistlərə açıqlamasında bildirib ki prezident seçkilərində “Gürcü Arzusu” partiyasının öz namizədi olmasa, daha yaxşı olar. Digər müxalif partiyalar isə bu seçkilərdə daha güclü olmaq üçün yeni qərarlar qəbul ediblər. Belə ki, seçkilərdə iştirak etmək üçün 10 müxalif partiya "Güc birlikdədir" adlı birlik yaradaraq "Milli Hərəkat" partiyasının namizədi, partiyanın Siyasi Şurasının üzvü Qriqol Vaşadzenin namizədliyini irəli sürüblər. Qriqol Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub. "Avropalı Gürcüstan" partiyası isə David Bakradzenin prezident vəzifəsinə namizədliyini irəli sürüb. Gürcüstanın indiki prezidenti Giorgi Marqvelaşvili isə 2-ci dəfə namizədliyini irəli sürməyəcəyini bildirib. O, bunu dövlət başçısının səlahiyyətlərnin azaldılması ilə əsaslandırıb. Ekspertlər bildirirlər ki, partiyalar arasında rəqabətlilik güclüdür. Amma ölkədə ümumi seçki abu-havası zəifdir. Milli Demokratiya İnstitutunun Gürcüstanda keçirdiyi sorğu da bunu təsdiqləyir. "Əgər sabah prezident seçkiləri keçirilsə, kimə səs verərsiniz! sualının cavabında respondentlərin yalnız 20 faizi kimə səs verəcəyi ilə bağlı qərar verdiyini açıqlayıb. 74 faizi hələ qərar verməyib. 5%-in kimə səs verəcəyi ilə bağlı heç bir fikri yoxdur, 1% isə, bu suala cavab verməkdən qaçıb.


AZƏR MƏMMƏDOV