120 yaşlı Azərbaycan kinosu

03 Avqust 2018 11:14

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” çərçivəsində 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Mədəniyyət naziri Əbülfəs Qarayev deyir ki, Dövlət Proqramı Azərbaycan kinosunun inkişafına öz təsirini göstərib. Azərbaycan dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında təmsil olunub. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə nümayiş etdirilib. Bu festivallarda ümumilikdə 49 mükafat əldə olunub. Bu gün Azərbaycan gəncləri Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində kino sahəsində təhsil alırlar. Azərbaycanda kino işçiləri dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminin mükafatlandırılması ilə bağlı sərəncam imzalayıb. 2 avqust - Kino işçilərinin peşə bayramı həm də yeni ekran əsərinin premyerası ilə yadda qalıb. Rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş olundu.


TURANƏ TAĞIZADƏ