Erkən nikah problemi - Vəziyyət necədir?

03 Avqust 2018 10:06

Son illərdə Azərbaycanın bölgələrində, əsasən də cənub rayonlarında azyaşlı qızların ərə verilməsi halları azalıb. Amma problem hələ də qalmaqdadır. Erkən nikahların qarşısının alınması ilə bağlı atılan ciddi addımlar və keçirilən maarifləndirmə tədbirləri bəzi valideynlərə hələ də təsir göstərmir. Nişanlı olduğu və ya ərə getməyə hazırlaşdığı üçün 14-15 yaşlı qızların məktəbə getməməsi hallarına ötən tədris ilində də rast gəlinib.  Erkən nikah uşaqların təhsil hüququnu pozmaqla yanaşı, həm  qızlarda, həm də oğlanlarda tibbi və psixoloji problemlərə səbəb ola bilər. Onlar mənəvi və fiziki baxımdan buna hazır olmurlar. Xüsusilə də, məktəbyaşlı qızların uşaq dünyaya gətirməsi həyat və sağlamlıq üçün risk faktorudur. Ekspertlərin sözlərinə görə, ailə həyatına hazır olmayanların erkən nikahı əksər hallarda gələcəkdə boşanma ilə nəticələnir. Xüsusən sevgi olmadan erkən yaşda qurulan ailələr sonradan xəyanət, qısqanclıq və başqa konfliktlər ucbatından dağılır. Psixoloji cəhətdən ailə həyatına hazırlıq oğlanlarda 25 yaşdan başlayır. Qızlar isə 20-25 yaş arasında ailə həyatı üçün formalaşırlar. Erkən nikah qanunla da qadağan edilib. Bunun qarşısını almaq üçün Ailə Məcəlləsində nikah yaşı həddi qaldırılıb. Cinayət Məcəlləsində erkən nikahlarla bağlı cəza tədbirləri sərtləşdirilib. Bundan başqa, erkən yaşda ailə quranların rəsmi nikahı olmadığından bu, gələcəkdə hüquqi problemləri qaçılmaz edir. Bütün bu və digər amilləri önə çəkən mütəxəssislər övladlarını kiçik yaşlarında ailə qurmağa məcbur edən valideynləri düşünməyə çağırırlar: Özü uşaq yaşda olan analar uşaqlarını necə tərbiyə edə bilərlər?



TURAL KƏRİMOV