Azərbaycan kinosunun bu günü

02 Avqust 2018 10:16

Azərbaycanda kinonun əsasının qoyulduğu 1898-ci il avqustun 2-dən indiyədək müxtəlif janrda 2 mindən artıq film çəkilib. Kino sənəti Azərbaycan xalqının milli-mənəvi, mədəni həyatında mühüm rol oynayıb. Xüsusilə, Sovet dönəmində istehsal olunan filmlər incəsənətə, mədəniyyətə xidmət missiyasını tam mənada yerinə yetirib. Təəssüf ki, müasir Azərbaycan filmləri haqqında bunları demək mümkün deyil. Ekspertlərin fikrincə, buna səbəb müstəqillik dövründə kinoda yaranan fasilə və maddi-texniki bazanın çatışmazlığıdır. 1980-ci ildə çəkilən "Yol əhvalatı" filmindən olan bu fraqmentdə tamaşaçı vəziyyətə gülür. Hər hansı vulqar söz və ya söyüş gülüş predmeti deyil. Bu gün isə Azərbaycan tamaşaçısı  kommersiya məqsədi ilə çəkilən ucuz və bayağı filmlərə baxmaq məcburiyyətindədir. Komediya janrında çəkilən filmlər ucuz gülüşdən başqa bir şey deyil. Təbii ki, bu, tamaşaçı zövqünə bilavasitə təcavüzdür. Kino mədəniyyyət, vəzifəsi isə tamaşaçını maarifləndirməkdir. Bəzi yeni filmlər isə küçə ifadə və jarqonlarını evlərə daşıyır.  Kino xadimləri deyirlər ki, bu tip filmlərin Azərbaycan kino mədəniyyətinə heç bir aidiyyatı yoxdur. Peşəkar və uğurlu olan filmlər isə barmaqla sayılacaq qədərdir. İnternet və kommunikasiya vasitələri artıq dünyanı çox kiçik edib. Tamaşaçı dünyanın istənilən ölkəsində  istehsal olunan filmə baxa bilir. Yəni rəqabət özünün pik həddindədir. Kinomuzun indiki vəzziyyəti isə bu rəqabətə yalnız uzaqdan tamaşa edir. Yeri gəlmişkən, bir fakta diqqət yetirək. Amerika Birləşmiş Ştatları öz siyasi diplomatiyasında filmlərdən ağır silah kimi istifadə edir. Hər hansı siyasi gediş, qaralama və qarayaxma filmlərin mövzusuna çevrilir. Hollivud artıq Birləşmiş Ştatların tunlarından biri halına gəlib. Yəni, kinonun gücündən tam istifadə olunur. Azərbaycan kinosunun da səviyyəsinin artırılmasına ciddi ehtiyac var.


NURLAN VİLAYƏTOĞLU