Uşaqlara verilən vədlər

01 Avqust 2018 10:43

"Yaxşı oxu, yüksək qiymət al, sənə hədiyyə  alacam. Səni gəzməyə  aparacam.  İstədiyin oyuncağı, paltarı alacağam". Az qala bütün valideynlər övladlarına tez-tez belə vədlər verirlər. Psixoloqlar isə, məktəbdə alacağı yüksək qiymət  və ya nümunəvi davranış müqabilində valideynlərin belə vədlər verməsini doğru hesab etmirlər. Onların fikrincə, bu, əks təsir göstərə bilər. Müəyyən vaxtdan sonra uşaqlar nəyinsə müqabilində dərs oxumağa başlayacaqlar. Ekspertlərin fikrincə, bu yolla valideynlər övladlarını kiçik yaşlarından rüşvətə sövq edirlər. Düzdür, məktəb yaşında olan uşaqlar üçün motivasiya və qiymətləndirmə önəmlidir. Amma bunu etməyin düzgün  yolları  tapılmalıdır. Bəzi valideynlər mükafatlandırma üsulundan həddindən artıq çox istifadə edirlər. Uşağın hər bir addımında, edilən yanlış davranışın qarşısının alınması üçün valideyn ona nəsə vəd  edir. mütəxəssislərin fikrincə, belə olduğu təqdirdə  uşaqda davranış pozuntuları əmələ gəlir. Buna görə də, valideynlər övladlarının tərbiyəsinə ciddi fikir verməlidirlər. Ekspertlərin fikrincə, uşaqda formalaşan mənfi davranışı da müsbət istiqamətdə dəyişmək olar.  Bu işdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Övladlarımıza verəcəyimiz ən böyük mükafat düzgün tərbiyədir. Buna görə  də, valideynlər istədikləri nəticəni əldə etmək üçün uşaqları yanlış vədlərlə istiqamətləndirməməlidirlər.

 

RAMİL ZEYNALLI