Abituriyentlər diqqətli olsunlar! Səhv ixtisas seçimi...

30 İyul 2018 10:31

4 ixtisas qrupu üzrə ali təhsil ocaqlarına qəbul imtahanları başa çatdı. İmtahandan müvəffəqiyyətlə keçən abituriyentlər artıq ixtisas seçimi barədə düşünürlər. Ekspertlər bildirirlər ki, ixtisas seçimi ali məktəbə qəbul prosesinin mühüm tərkib hissəsidir. O, imtahan qədər məsuliyyət və diqqət tələb edir. Səhv seçim ciddi problemlərə səbəb ola bilər. Buna görə də, mütəxəssislər abituriyentlərin bəzi məqamlara xüsusi diqqət yetirməsini vacib sayırlar. Düzdür, nəticələr hər il dəyişir, amma təxmini statistikaya görə ixtisas seçimini düzgün həyata keçirmək mümkündür. Bu məsələdə abituriyentlərin yol verdiyi nöqsanlardan biri kodlaşdırdıqları ixtisasları ardıcıllıqla göstərməmələri olur. Bu səbəbdən yüksək bal toplayan abituriyent bəzən istədiyi ixtisasa və  ya ali təhsil ocağına düşə bilmir. Nəticədə müəyyən narazılıqlar yaranır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi “Abituriyent” jurnalının 4-cü sayında və imtahanın qaydalarını açıqlayan xüsusi kitabçada qaydalarla tanış ola bilərlər. Ekspertlərin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il yüksək bal toplayanların və nüfuzlu ixtisaslara yiyələnmək istəyənlərin sayı artığından tibb istiqaməti üzrə plan yerlərində azlama müşahidə olunur. Bu sahəni seçən abituriyentləri ixtisas seçimi zamanı kəskin mübarizə  gözləyir. Qaydalara görə, 1-ci və 4-cü ixtisas qrupu üzrə ödənişli ali təhsil ocağında oxumaq istəyən abituriyentlərin keçid balı 200, dövlət sifarişli yerlərdə təhsil almaq istəyənlər üçün isə 250-dir. 2-ci və 3-cü ixtisas qruplarında keçid balları nisbətən yüksəkdir. Ödənişli təhsil üçün minimum 250, dövlət sifarişli yerlər üçün 300 bal tələb olunur. Müsabiqədən keçən abituriyentlərin ixtisas seçmək üçün iyulun 30-dan avqustun 13-dək vaxtı var. Onlar 15 ixtisas arasında seçim edə bilərlər.


SİMNARƏ  HƏMİDQIZI