Bankdakı girovun hərraca çıxarılması necə tənzimlənir?

26 İyul 2018 12:52

Vətəndaşlar banklardan aldığı krediti ödəyə bilməyəndə borc verən tərəf müqavilənin şərtlərinə uyğun olaraq sivil yollar axtarır. Tərəflər ortaq məxrəcə gəlmədikdə bank məhkəməyə müraciət edir. Girov vətəndaşın evi, yaxud hər hansı daşınmaz əmlakıdırsa, bu zaman həmin əmlakın satılıb kredit öhdəliyinin yerinə yetirilməsi tələb edilir. Bu proses bir neçə mərhələdən keçir. Banklar məhkəməyə müraciət edərkən, vətəndaşla imzalanan ipoteka müqaviləsində göstərilən qiymətlə əmlakın hərraca çıxarılmasını tələb edirlər. Bir çox hallarda ipoteka müqaviləsində evin dəyəri bilərəkdən az göstərilir. Ekspertlər bunu, bankların öz vəsaitini qısa zaman ərzində geri almaq istəyi ilə əlaqəndirirlər. Bu cür problemlər vətəndaşların haqlı narazılığına səbəb olur. Məhkəmə prosesində mövcud durumu nəzərə alan hakimlər əmlakın ədalətli dəyərini müəyyən etmək üçün müstəqil qiymətləndiriciyə müraciət etməli olurlar. Evin real dəyərini müəyyənləşdirmək isə müstəqil qiymətləndiricinin üzərinə düşür. Cinayət  və İnzibati Xətalar Məcəllələrinə əsasən ekspertlər verdikləri rəyə görə məsuliyyət daşıyırlar. Evin real bazar dəyəri müəyyənləşdirildikdən sonra məhkəmə həmin qiymət əsasında əmlakın satışını təşkil etmək üçün hərrac mərkəzlərinə müracət edir. Beləliklə, əmlakın dəyərindən asılı olaraq borclu vətəndaşın mülkiyyətinin aqibəti həll olunur. Buna görə də, sonradan arzuolunmaz hallarla qarşılaşmaq istəmirsinizsə, bankdan kredit götürərkən müqavilənin bütün şərtlərinə həssas yanaşın.


SAMİR NAMİQOĞLU