Niyə qız yox, oğlan?

25 İyul 2018 13:46

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələrində 144 min 41 doğulmuş körpə qeydə alınıb. Yeni doğulanlar arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edib. Hər 100 doğulan qıza 114 oğlan düşüb. Lənkəranda isə 2016-ildə doğulan 3379 körpədən 1683-ü qız, 2017-ci ildə dünyaya gələn  2986 uşaqdan 1488-i qız olub. Bu da faiz nisbəti ilə 49,8 faz təşkil edir. Qızların sayının azalmasına əsas səbəb   bir çox ailələrin oğlan uşaqlarına üstünlük verməsidir. Hətta ilk hamiləlikdə uşağın cinsiyyəti məsələsinə önəm verən ailələr də var. Çox  zaman  oğlan uşağı olanadək ana bətnində olan qız dölləri tibbi müdaxilələr yolu ilə kənarlaşdırılır. Bu müdaxilələr isə ana üçün təhlükə, hətta ölüm riski deməkdir. Ekspertlər bildirirlər ki, bu məsələdə təkcə ataların yox, “oğlumun mütləq  oğlu olmalıdır” deyən  qaynanaların da təsiri çoxdur.  Habelə günümüzdə qadınların zorakılığa məruz qalmsı, əks cins tərəfindən qətlə yetirilməsi hallarından yaranan xof və qorxu da bəzi ailələri bu addımı atmağa sövq edir. Psixoloqar isə hesab edirlər ki, qızlara münasibətin kökü qədimlərə dayanır. Oğlan övladı yüksək tutularaq nəslin davamçısı kimi dəyərləndirilib. “Oğlan düşmən çəpəridir”, “qız yükü, duz yükü” kimi yanaşmalar bu günümüzdə də öz acı nəticələrini göstərir. Ekspertlər bildirirlər ki, övladın qız və ya oğlan olmasının fərqi yoxdur. Valideynin əsas vəzifəsi onlara düzgün  tərbiyə verib, cəmiyyət üçün gərəkli fərdə çevirməkdir. Üz tutduğumuz Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsinin qarşısında qarşılaşdığmız mənzərə, doğulmuş körpələrinin yolunu gözləyən ailə üzvləri ilə söhbət qız uşaqlarına  münasibətin  dəyişməsinə inamı bir qədər artırdı.Cinayət Məcəlləsinin 141-ci maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə 200 manatadək cərimə və ya 6 ayadək müddətə islah işləri ilə cəzalandırılır. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə 300 manatadək miqdarda cərimə və ya 360 saatdan 400 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.


 PƏRVANƏ ƏLİYEVA