"Sən qanunlamı işləyirsən?..." - Reyd zamanı qalmaqal

21 İyul 2018 10:24

"Qırmızı körpü" istiqamətindən Azərbaycana gələn turistlərin, həmçinin Tovuz rayon ərazisindən istirahət zonalarına  üz tutan insanların sərbəst hərəkətini təmin etmək məqsədi ilə qanun keşikçiləri hərəkətə keçib. Bu dəfə hədəf yollarda təhlükə yaradan səriştəsiz sürücülər olub. Qanundan bixəbər olanlar, hələ üstəlik sükan arxasına əyləşməyə heç bir hüququ çatmayanlar cərimələrdən yayına bilmədi. Kimisi sükansız qaldı, kimisi də vaxtını və pulunu hədər yerə xərclədi. Yaranmış abu-hava isə çoxlarının heç də ürəyincə olmadı, aqressiv davranışlarla özlərinə haqq qazandırmağa çalışanlar məsuliyyəti üzərlərindən atmağa çalışdılar. Bu  kimi davranışlar onları düşdükləri durumdan çıxara bilmədi. Protokollar yazıldı, sükanı düzgün saxlaya bilməyənlər yollarına dörd təkər olmadan davam etdilər. Məqsəd birdir, baş verə biləcək qəzaların qarşısını almaq və qaydaları bilməyənləri maarifləndirmək.Əksər sürücülər bunu başa düşməsə də bir çoxları nə etdiyinin fərqindədir. Sonrakı peşimançılıq fayda verməz deyiblər. Buna görə də mühərriki işə salmazdan öncə yüz ölçüb, bir biçmək lazımdır ki, yollarda heç bir faciə baş verməsin!  


HÜMMƏT QASIMZADƏ