Məişət cihazları sıradan çıxanda

20 İyul 2018 14:25

Mingəçevirdəki İstilik Elektrik Stansiyasındakı böyük qəzanın fəsadlarını birbaşa üzərində hiss edən Rizvan Əkbərli kimi onlarla vətəndaş oldu. Təkcə bu hadisə deyil, digər xırda qəzalar, hətta elektrik enerjisindəki sıçrayışlar zamanı da analoji problemlər qaçılmaz olur. Vətəndaşlara məxsus elektrik cihazları sıradan çıxır. Qəza halları zamanı istehlakçıya dəyən zərərin məsuliyyətini vətəndaşları elektrik enerjisi ilə təchiz edən qurumlar daşıyırlar. Ekspert Eyyub Hüseynov deyir ki, elektrik enerjisindən istifadə qaydalarına görə, istehlakçıya dəyən zərərə görə təzminat ödənməlidir. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyir ki, istehlakçının şikayəti əsasında problem araşdırılır və ona uyğun addım atılır. Azərbaycan Texniki Universitetinin Dosenti, əməkdar mühəndis Qara Həsənov deyir ki, yeni məişət cihazları daha çox reaktiv güc tələb edir. Bu avadanlıqlar gərginliyin oynamasına həssas olduğu üçün mənzillərdə mühafizə qurğularının quraşdırılmasına ehtiyac var. Elektrik enerjisi sistemində baş verən problemlər işıq sayğaclarını da sıradan çıxara bilər. Bu zaman müvafiq dövlət qurumunun əməkdaşları qüsur aktı tərtib edirlər. Sayğacın yanmasının səbəbləri araşdırılır. Əgər problemin kənar müdaxilə deyil, elektrik qəzası səbəbindən yarandığı müəyyən edilərsə, cihaz yenisi ilə əvəzlənir.


ŞƏHLA CAVANŞİRQIZI