ATƏT məkanında məqsədli dezinformasiya yayılır

19 İyul 2018 14:01

Bəzən ATƏT məkanında fəaliyyət göstərən bəzi təşkilatlar media azadlığı adı altında üzv dövlətlərə qarşı konkret dezinformasiya və təbliğat kampaniyası aparır. Bu fikirlər Gürcüstanın paytaxtı Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda müzakirələr zamanı səsləndirilib. Konfransda əsasən media azadlığının əsas prinsipləri, bu sahədə qarşıda duran əsas vəzifələr, jurnalistlərin təhlükəsizliyi, jurnalist etikası, cəmiyyətə dəqiq, qərəzsiz və dolğun informasiyaların çatdırılmasında jurnalistlərin üzərinə düşən vəzifələr diqqət mərkəzində olub. Müzakirələr zamanı çıxış edən Hikmət Hacıyev belə təşkilatlardan birinin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin olduğunu bildirib. Qeyd edib ki, bu təşkilat 2017-ci ilin payızında Azərbaycana qarşı “laundromat” adı altında tamamilə əsassız materiallar hazırlayıb. Həmin materiallarda hər hansı araşdırma və fakt ortaya qoyulmadan Azərbaycan əleyhinə kampaniya aparılıb. Bu cür təşkilatları maliyyələşdirənlər arasında ATƏT-ə üzv ölkələrin də olduğunu deyən Hikmət Hacıyev ATƏT məkanında bu cür media təsisatların fəaliyyət göstərməsinin təəssüf doğurduğunu bildirib.


AZƏR MƏMMƏDOV