Sürücülər, avtomobilinizi texniki baxışdan keçirin, əks halda...

18 İyul 2018 13:22

Minik avtomobillərinin texniki baxışdan keçməsi üçün qoyulan vaxtın bitməsinə saylı günlər qalır. Avtomobillərin Dövlət texniki baxışı məntəqəsindən verilən məlumata görə, indiyədək maşınların yalnız 16 faizə yaxını yoxlamadan keçib. Görünür, ötən illərdə olduğu kimi, bu il də sürücülər avtomobili texniki baxışdan keçirmək üçün son günləri gözləyirlər. Bu düşüncədə olanlar çox olduğundan yoxlama məntəqələrində uzun növbələr qaçılmaz olur. Minik avtomobilinin ilk istehsal olunan tarixdən etibarən 4 il müddətində texniki baxışdan keçirilməsinə ehtiyac yoxdur. 4 ildən 10 ilədək yaşı olan maşınların saz vəziyyətdə olmasını bilmək üçün iki ildən bir texniki müayinədən keçirmək tələb olunur. İstehsal ili 10 ildən yuxarı olan avtomobillər isə, hər il texniki baxışdan keçirilməlidir. Əgər maşın yoxlanılarkən texniki normativlərə cavab vermirsə, mütləq təmir olunmalıdır. Texniki göstəricilər normal qaydaya gətirildikdən sonra proses təkrar olunur. Avtomobillərin texniki baxışdan keçirilməsi üçün son tarix iyulun 31-dir. Bundan sonra hər an cərimələnə bilərsiniz. Avtomobillərin texniki cəhətdən yoxlanılması gələn ildən fərqli olacaq. Belə ki, sürücüyə  yoxlama haqqında talon verilməyəcək. Nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi haqqında  məlumat Dövlət Yol Polisinin mərkəzi informasiya sistemində qeydiyyata alınacaq. Yalnız  dövlət sərhədini keçərkən problemin yaşanmaması üçün  ölkədən xaricə çıxan nəqliyyat vasitələrinə bu barədə bildiriş veriləcək. Yeniliklər bununla tamamlanmır.Texniki müayinədən keçməyən avtomobili idarə etməyə görə, kameralar vasitəsilə elektron qərar tərtib olunacaq. Nəqliyyat vasitəsinin növündən asılı olmayaraq, texniki baxış üçün standart dövlət rüsumu 20 manatdır. Amma qaydalara əməl etməyib vaxtında avtomobili texniki baxışdan keçirməyənləri bundan bir neçə dəfə çox cərimə gözləyir. Fiziki şəхslər 50, vəzifəli şəхslər 100, hüquqi şəхslər isə 300 mаnаt məbləğində cərimələnə bilər. Vaxtında avtomobilinizi texniki baxışdan keçirin ki, böyük məbləğdə cərimələrlə qarşılaşmayasınız.


SAMİR NAMİQOĞLU