Avtomobil xarab olduqda nə etməli?

16 İyul 2018 13:18

Qış fəslinə hazırlıqlar həyata keçirildiyi kimi, avtomobillər yaya da hazır olmalıdır. Bu məsələyə səhlənkarlıqla yanaşan sürücülər əksər hallarda yollarda qalırlar. Avtomobillərin problemi əsasən günün qızmar vaxtında və tıxaclarda özünü birüzə verir. Qızmar yay istisinə hazır olmayan avtomobil həm sahibinə əziyyət verir, həm də yol hərəktinin digər iştirakçılarına. Maşının xarab olması nəticəsində yolda qalmasının əziyyətini hamı çəkməli olur. Ekspertlər deyirlər ki, avtomobildə texniki problem yarandıqda sürücü nəqliyyat vasitəsini dərhal yolun kənarına çəkərək saxlamalıdır. Bu zaman qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir. Avtomobil ustası Cavid Əliyev deyir ki, yayın istisi hələ qarşıda olduğundan maşınlarda elektrik və su soyutma sistemlərində təmizləmə işləri aparılmalı, hava filtirləri yenisi ilə əvəz edilməlidir. Bununla yanaşı, avtomobillərin əyləc mayelərinə  də fikir vermək lazımdır. Mütəxəssisin sözlərinə görə, qış fəsilində mühərrikin yağı 8-11 min kilometr arası dəyişdirilirdisə, yayda bu göstərici 6 mini keməməlidir. Cavid ustanın sözlərinə görə, yayda yolda qalmağın səbəblərindən biri də avtomobilin ön hissəsində yerləşən pərin qabağına kardon və ya politelinin qoyulması ola bilər. Əksər hallarda qışda qoyulan bu vasitələr yaddan çıxaraq yayda da avtomobillərdə qalır. Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyir ki, sürücü problemlə qarşılaşmamaq üçün yola  çıxmazdan əvvəl idarə etdiyi nəqliyyat vasitəsinin texniki cəhətdən hazır olmasına əmin olmalıdır. Mütəxəssislərin sözlərinə görə, yolda qalan sürücü avtomobildəki nasazlığın səbəbini bilmirsə, müdaxilə etməsi düzgün deyil. Bu, qısaqapanma ilə nəticələnə bilər. Ekspertlər belə hallarda tıxacların yaranmaması və yanlış addımların atılmaması üçün evakuator xidmətindən yararlanmağı məqsədə uyğun hesab edirlər.


SAMİR NAMİQOĞLU